Zeynal  Ələkbərov

Zeynal Ələkbərov

1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rəhbərliyində əsaslı dəyişiklik edildi. Belə ki, 1973-cü ildə Azərbaycan KP MK bürosunun qərarı ilə tarix elmləri doktoru, professor Zeynal Məmməd oğlu Ələkbərov D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru təyin edilmiş və 1986-cı ilin iyul ayına kimi bu vəzifədə çalışmışdır. Həmin dövrdə tədris işləri üzrə prorektorlar prof. F.Əmikişiyev, prof. Y.Məmmədov, elmi işlər üzrə prorektorlar prof. A.ƏIəsgərov, prof. Z.Səmədzadə İnstitutda tədrisin təşkili və elmi tədqiqatların aparılmasında yaxından iştirak etmişlər.
İnstitutun rektoru professor Zeynal Ələkbərovun rəhbərliyi dövründə İnstitutda təhsil,elmi tədqiqat və təlim-tərbiyə sahəsində bir sıra islahatlar həyata keçrilməyə başladı. Belə ki, İnstitutun əyani, axşam və qiyabi şöbələrində dərslərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə nümunəvi problem mühazirələrin təşkili, əyani vəsaitlərdən geniş istifadə edilməsi, istehsal ilə institut əlaqələrinin genişlənməsi, müəssisələrdə kafedraların filiallarının yaradılması işləri həyata keçrildi. Qeyd etmək lazımdır ki, həmin dövrdə institutda yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün onun peşəkar ixtisaslı müəllim kadrları ilə təmin edilməsi olduqça vacib idi.