Əliqulu Səttar oğlu Fərəczadə (Fərəcov) 15 mart 1898-ci tarixdə İrəvan quberniyası Naxçıvan qəzasının Ordubad şəhərində anadan olub. 1915-ci ildə Tiflis ticarət kurslarını, 1927-ci ildə Bakı Politexnik İnstitutunu bitirib.
1926-1929-cu illərdə Azərbaycanı tədqiq edən və öyrənən Cəmiyyətin işində fəal iştirak edib. XX əsrin 20- ci illərində Bakıda iqtisadiyyat kurslarının açılmasında (o vaxtlar Əliqulu Fərəcov kursları adlanırdı), Azərbaycanda uçotun qurulmasında əməyi olub və bir növ onun banisi kimi tanınıb. Bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləyib.
Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün Əliqulu Fərəcov kadr hazırlığının daha müasir orta ixtisas və ali təhsil sistemini seçməyə üstünlük vermiş, demək olar ki, ona nail olaraq bu kadrları hazırlayan "Statistika", "Kommersiya" texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində "İqtisad" fakültəsinin və sonradan bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində iştirak etmişdir.
İqtisad elmləri namizədi, professor Ə.Fərəcov uzun müddət respublikanın ali məktəblərində dərs deyib. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) prorektoru (1943-1944), Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) rektoru (1944-1950), bir sıra kafedraların, o cümlədən ADU- nun "Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi" kafedrasının (1959-1960) müdiri, ADU-nun (1962-1966) və AXTİ-nin məsləhətçi professoru (1966-cı ildən) olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsində (indiki İqtisadiyyat İnstitutu) baş elmi işçi, şöbə müdiri (1951-1958) işləmişdir. Fərəcov, Azərbaycanda iqtisadi təhsilin təşkilatçılarından olub.
O, Azərbaycan dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair dərsliklər yazmış, konkret iqtisadiyyata dair elmi terminlər işləyib hazırlamış, mühasibat uçotunun nəzəri, texniki və tarixi məsələlərinə, iqtisadi fikir tarixinə dair tədqiqatlar aparmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. İqtisadiyyat üzrə Azərbaycan dilində ilk elmi terminlər lüğətinin müəllifi, Azərbaycan SSR-in "Əməkdar İqtisadçısı" Əliqulu Fərəcov 20 yanvar 1981-ci ildə Bakı şəhərində vəfat edib.