Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna 1937-ci il aprel ayının sonundan 1937-ci il oktyabrın 25-dək olan çox qısa müddətdə dövrünün tanınmış alimlərindən Quliyev Məcid Yusif oğlu rəhbərlik etmişdir. M.Quliyev 1925-1929-ci illərdə Moskva Dövlət Universiteti Hüquq fakültəsində təhsil almış, 1929-1931-cu illərdə Azərbaycan SSR Ədliyyə Komissarlığı, Azərbaycan SSR Ali Məhkəməsi, Cinayət Kassasiya Kollegiyasında məsul vəzifələrdə çalışmışdır. Məcid Quliyev huquq praktikası ilə paralel olaraq bu illərdə elmi-pedoqoji kvalifikasiyasını da artırmış, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında, daha sonra Moskvada Qırmızı Professura institutunda təhsil almışdır. 1931- 1932-ci illərdə Azərbaycan Dövlət Sovet quruculuğu və Hüquq institutunda kafedra müdiri,1932-ci ildə isə həmin institutun direktor müavini olaraq çalışmışdır. 1937-ci ilin yazında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru təyin olunan M.Quliyev nədənsə bu vəzifədə çox qalmamış, AK (b) P MK Bürosunun 1937-ci il 25 oktyabr tarixli (Protokol № 27, §7 (8) qərarı ilə vəzifəsindən azad edilərək AK (b) P MK sərəncamına çağrılmışdır. Onun sonrakı həyat və fəaliyyəti haqqında heç bir məlumata rast gəlinmir. Görünür, 1937-ci il repressiyaları bu dəyərli Azərbaycan ziyalısından da yan ötməmişdir.