1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yaradılarkən ona tarix elmləri doktoru, professor Səlvər Rza oğlu Aslanov rektor təyin olunmuş və 1973-cü ilə qədər bu vəzifədə çalışmışdır. Onun rəhbərlik dövründə İnstitutda tədris, elmi tədqiqat sahəsində böyük islahatlar başlandı və qısa bir müddətdə bu islahatlar öz bəhrəsini verdi.
İqtisad elmləri doktoru, professor Teymur Süleyman oğlu Vəliyev Tədris işləri üzrə prorektor, azərbaycanlılar içərisində ilk iqtisad elmləri doktoru elmi dərəcəsini almış professor Bəhman Yusif oğlu Axundov Elmi işlər üzrə prorektor, Nağı Tağızadə isə Qiyabi şöbə üzrə prorektor vəzifələrinə təyin olunmuşdur. İnstitutun işgüzar rəhbər heyətini ilk növbədə tədrisin təşkili və onun keyfiyyətinin yüksəldilməsi məsələsi maraqlandırırdı. Bu baxımdan yenicə yaradılmış institutun kollektivi qarşısında duran ən vacib vəzifələrdən biri tədris prosesinin təşkili, tədris planları və proqramlarının formalaşdırılması idi.