1951-ci ilin yanvar ayında Xurşud Bayram oğlu Məmmədov instituta rəhbər təyin edilmişdir və o, bu vəzifədə 1955-ci il mart ayınınl-dək çalışmışdır.
X.B.Məmmədov 1906-cı ildə Füzuli rayonunun Qaratelli kəndində anadan olmuşdur. O, Zaqafqaziya Kommunist İnstitutunu bitirmiş, daha sonra Bakı və Tibilisidəki bəzi ali məktəblərdə "Sov. İKP tarixi", "Siyasi iqtisad" və "Fəlsəfə" fənlərindən mühazirələr oxumuşdur. X.B.Məmmədov Xalq Təsərrüfatı institutuna rektor təyin edilənədək, qısa müddət ərzində Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, Azərbaycan Kommunist Universitetində əvvəlcə prorektor və sonradan rektor vəzifələrində fəaliyyətini davam etdirmişdir.
X.B.Məmmədov 1955-1962-ci illər ərzində Naxçıvan Vilayət partiya Komitəsinin birinci katibi, 1962-1964-cü illərdə respublika tədarük nazirinin müavini, 1964-1976-cı illərdə kənd təsərrüfatı nazirliyində şöbə müdiri vəzifələrində işləmişdir. O, dəfələrlə SSRİ Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyəti müddətində bir sıra orden və medallara layiq görülmüşdür. X.B.Məmmədov 1987-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.