Həsən  Qasımov

Həsən Qasımov

1992-ci ilin noyabr ayında Azərbaycan Dövlət İqtisad İnstitutuna professor Həsən Ahahyar oğlu Qasımov rektor vəzifəsinə təyin olundu. Yeni rektorla yanaşı professor İslam Qarayev (tədris işləri üzrə), Azərbaycan EA müxbür üzvü, professor Teymur Vəliyev (elmi işlər üzrə) və professor Bədirxan Musayev (qiyabi və axşam təhsil üzrə) Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifələrində fəaliyyətə başladılar.
Professor Qasımov Həsən Ahahyar oğlu 1940-cı il yanvar ayının 14-də Naxçıvan MR-in Babək rayonunun Qaraçuxur kəndində (hazırda Araz su qovşağının su anbarının altında qalmışdır) anadan olmuşdur. 1946- 1956-cı illərdə Qaraçuxur kəndinin məktəbində orta təhsil almış, 1956-cı ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1961-ci ildə keçmiş S.M.Kirov adına ADU-nu "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. 1961- 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-cı ildən iqtisad elmləri namizədi, 1985-ci ildən isə iqtisad elmləri doktoru olmuşdur. 1987-ci ildə professor adına layiq görülmüşdür. 1987-1992-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru olmuşdur. O, bu elmi-tədqiqat müəssisəsində rəhbərlik etdiyi müddətdə institutun elmi potensialı məhsuldar işləmiş, kooperativlərin yaranması, təsərrüfat hesablı müəssisələr və briqada podratının kənd təsərrüfatına dair elmi praktiki təkliflər hazırlamışdır. 1992-ci ilin sentyabrından ömrünün sonuna qədər (1994-cü il yanvarın 13-ü) Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru işləmişdir. Professor H. A. Qası­mov Azərbaycanda aqrar-sənaye kompleksinin maddi-texniki bazasının formalaşması və inkişafı sahəsində çoxsaylı elmi məqalə və monoqrafiyaların müəllifidir. Onun aparılan elmi tədqiqatlarda əvəzedilməz rolu olmuşdur. Bir neçə monoqrafiyanın, 200-dən artıq elmi məqalə və tezislərin müəllifidir. Başlıca əsərləri bunlardır: "Azərbaycan SSR kənd təsərrüfatının inkişafının mühüm problemləri" Bakı, "Elm", 1972 (A.K.ƏIəsgərovla birgə); "Təsərrüfatlararası kooperasiya və onun problemləri" Bakı, "Elm", 1979 (bir qrup müəlliflə birlikdə); "ASK-nın maddi-texniki bazasının səmərəliliyinin yüksəldilməsi" (rus dilində) Bakı,"Elm", 1982.