Mehdibəy   İsmayılov

Mehdibəy İsmayılov

İnstitutun ilk direktoru (o zaman ali məktəblərin rəhbərlərinin vəzifələri rektor yox, direktor adlanırdı) Moskvada ali təhsil almış Mehdi İsmayılov təyin edilmişdir. Yeri gəlmişkən qeyd etməyi lazım bilirik ki, bu şəxs haqqında indiyə qədər elmi və pedaqoji ictimaiyyətdə demək olar ki, lazımı məlumat olmamışdır. Yalnız mərhum professor Əliqulu Fərəcovun xatirələrində Mehdi İsmayılovun adı çəkilir. Mehdi bəy Əsəd bəy oğlu İsmayılov 1888-ci ildə İrəvan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Görünür, onun ailəsi sonralar müxtəlif səbəblərə görə yaşayış yerini dəyişmiş, Nuxa (Şəki) şəhərinə köçmüşdür. O, ilk təhsilini 1896-1900-cü illərdə 4 sinifli Nuxa kənd məktəbində almışdır. 1901-1910-cu illərdə Mehdi İsmayılov 9 illik kommersiya məktəbində oxumuş və hesabdar ixtisasına yiyələnmişdir. Həmin məktəbdə alınan bilik, orada keçirilən fənlər Mehdi İsmayılovun gələcək həyat yolunun, ixtisasının müəyyənləşməsində böyük rol oynamışdır. Görünür, elə bu səbəbdən də Mehdi İsmayılov kommersiya məktəbində təhsilini başa vurduqdan sonra tərəddüd etmədən Moskvaya ali təhsil almağa gedir. O, 1910-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda iqtisadçı ixtisası üzrə təhsilini davam etdirir. Azərbaycan Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Tarixi Arxivində saxlanılan sənədlərdə onun natamam ali təhsilə malik olması göstərilir.[1] Ola bilsin ki, hansı səbəbdənsə o, ali təhsilini tam başa vura bilməmiş və 1910-1917-ci illərdə təhsilini müəyyən vaxtdan sonra yarımçıq qoymalı olmuşdur. Sonradan Bakıya qayıdan Mehdi İsmayılov Bakıda 1 saylı axşam məktəbində, 1918-1920-ci illərdə isə Qusar şəhərindəki axşam məktəbində müəllimlik etmişdir. O, bolşeviklərə rəğbət bəsləmiş və 1921-ci ildən partiyanın üzvü olmuşdur. Mehdi İsmayılovun savadlı və bacarıqlı olması, onun təşkilatçılıq qabiliyyəti özünü çox tez büruzə vermişdir. Elə buna görə də o, 1920-ci ildə irəli çəkilərək Bakıda Kənd Partiya Məktəbinin direktoru təyin edilmişdir. Bu vəzifədə Mehdi İsmayılov 1925-ci ilə qədər işləmişdir. Burada işlədiyi dövrdə işgüzarlığı, məsuliyyətliliyi və bacarığı ilə seçilən Mehdi İsmayılov 1925-ci ildə AK(b)P MK-da təbliğat-təşviqat şöbəsinin müdiri, 1925-ci ilin aprelindən 1928-ci ilin noyabrına qədər isə Tiflisdə UIK(b)P Zaqafqaziya Komitəsində məsul təbliğatçı vəzifələrində çalışmışdır. Mehdi İsmayılov inzibati dövlət işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də davam etdirmişdir. 1928-ci ilin noyabrından 1930-cu ilin sentyabr ayınadək o, Zaqafqaziya Kommunist Universitetində mühazirəçi olmuşdur.
Mehdi İsmayılov öz dövrünə görə yüksək intellektual səviyyəyə malik, geniş dünyagörüşlü, hərtərəfli inkişaf etmiş ziyalı olmuşdur. O, fransız, alman, fars, türk, rus, Azərbaycan dillərini mükəmməl bilirdi. Mehdi İsmayılovu yeni yaranmış Azərbaycan Ticarət-Kooperativ İnstitutuna direktor təyin edərkən, onun bu keyfiyyətləri, şübhəsiz ki, nəzərə alınmışdır.
1930-cu il sentyabrın 1-dən fəaliyyətə başlayan institutda hər şeyi yenidən yaratmaq lazım idi. Tədris korpusları, maddi-texniki təchizat, dərs planları, dərslik, dərs vəsaiti, metodiki işlər - bütün bunların yaradılması öz həllini gözləyirdi. Bu işdə, əlbəttə, instituta rəhbərlik etmiş Mehdi İsmayılovun özünün təşkilatçılıq qabiliyyəti böyük rol oynamışdır. Təsadüfi deyil ki, 1933-cü ildə bir neçə kiçik institutun birləşdirilməsi ilə yaradılmış Karl Marks adına Azərbaycan Sosial-İqtisad institutunun direktorluğu da məhz Mehdi İsmayılova etibar edilmişdir. O, bu vəzifədə 1934-cü ilə qədər çalışmışdır. Sonralar Mehdi İsmayılov AK(b)P MK-da müxtəlif vəzifələrdə çalışmışdır. Tarix elmləri doktoru Aydın Hacıyevin nəşr etdirdiyi «Все понять, но не все простить»[1] adlı, atası, 60-cı illərin əvvəllərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji işlər üzrə katibi işləmiş, Nazim Hacıyevə həsr etdiyi kitabda, Mehdi İsmayılov haqqında qısa məlumat verilib. Məlum olur ki, Mehdi İsmayılov İrəvan diyarının kübar nəslinə mənsub olmuşdur. O, Nazim Hacıyevin dayısı idi. Nə qədər təəccüblü görünsə də, o, 1930-cu illərin axırlarında tüğyan etmiş repressiyalardan kənarda qala bilmişdir. Lakin onun zadəgan mənşəyi sonralar daha yüksək vəzifələr tutmağına da mane olmuşdur. Mehdi İsmayılov daha sonralar Mirzə Fətəli Axundov adına Respublika Kitabxanasında şöbə müdiri işləmişdir. 1951-ci ildə Bakı şəhərində vəfat etmişdir.