Rəşid Abdulla oğlu Qayıbov 1889-cu il fevralın 20- də Qazax rayonunun Salahlı kəndində anadan olmuşdur. Onun atası qonşu Şulaver (indi bu kənd inzibati bölgü üzrə Gürcüstan ərazisindədir) kəndində xalq məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. R.Qayıbov 1916-1920-ci illərdə Qazax Müəllimlər Seminariyasında təhsil almış, sonra Tiflis Kişilər Seminariyasını bitirmişdir.l920-ci ildə o, Qazax Pedaqoji Texnikumuna müəllim təyin olunur və bir qədər burada işlədikdən sonra elə həmin il Bakıya köçür və burada Mərkəzi partiya orqanlarında məsul təlimatçı vəzifəsində çalışır. Rəşid Qayıbovda təhsilə maraq, biliyini zənginləşdirmək həvəsi onu bütün ömrü boyu müşayiət etmişdir. Onun biliyi, bacarığı Azərbaycanın o vaxtkı rəhbərliyinin də nəzərindən qaçmamış və o, 1922-ci ildə AK (b) P MK-nın qərarı ilə ali təhsil almaq üçün Moskvaya göndərilmişdir. R.Qayıbov Q.V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutuna qəbul olunur və 1926-cı ildə institutu iqtisadçı ixtisası üzrə başa vuraraq Bakıya qayıdır. O, burada bir müddət AK(b)P MK-da təbliğatçı qrupunda işləyir. 1927-ci ildə AK(b)P MK Rəşid Qayıbovu Azərbaycan rayonlarında işləməyə göndərir. O, əvvəlcə Nuxa (indiki Şəki) şəhərində, sonra isə Ağdam şəhərində təbliğat-təşviqat şöbəsinin müdiri, 1923- 1930-cu illərdə isə AK(b)P Kəlbəcər Rayon Komitəsinin katibi kimi məsul vəzifələrdə çalışır. 1931-ci ildə ÜİK(b)P Zaqafqaziya Diyar Komitəsinin MK qərarı ilə Rəşid Qayıbov Zaqafqaziya Pambıqçılıq İnstitutunun direktoru vəzifəsinə təyin olunur. Rəhbər işlə yanaşı, o, bu institutda pedaqoji fəaliyyət də göstərir. Lakin R.Qayıbov bu vəzifədə az qalır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu və Zaqafqaziya Pambıqçılıq İnstitutu yenidən qurulduqdan sonra o, vəzifəsindən azad olunur və yenidən partiya işinə göndərilir. 1933-cü ildə Rəşid Qayıbov AK(b)P Şamxor (Şəmkir) rayon komitəsinin katibi təyin olunur. O, çox az bir müddətdə bu vəzifədə qalır və elə həmin ilin oktyabr ayında AK(b)P MK mədəniyyət şöbəsində kadrlar üzrə sektor müdiri vəzifəsində işləməyə başlayır. O, bu vəzifədə də az müddət çalışır. Nəhayət, R.Qayıbov 1934-cü ilin aprel ayında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Xalq Komissarları Sovetinin 1936-cı il 30 dekabr tarixli 3241 saylı qərarı ilə Sovet Ticarəti İnstitutunun Karl Marks adına Azərbaycan Sosial- İqtisad İnstitutuna birləşdirilməsi ilə geniş profilli iqtisadçı kadrlar hazırlamalı olan Karl Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu yaradıldı. İnstitutun direktorluğu o vaxta qədər Sosial-İqtisad İnstitutuna rəhbərlik etmiş Rəşid Qayıbova həvalə edildi. Beləliklə, o, əslində Xalq Təsərrüfatı adı ilə fəaliyyətə başlamış institutun ilk rəhbəri olmuşdur. Bu vəzifədə o, 1937-ci ilin yazına qədər işləmişdir. Bütün bunlarla yanaşı tarixi sənədlər sübut edir ki, Rəşid Qayıbov çox qeyrətli, təəssübkeş azərbaycanlı, qorxmaz və cəsarətli insan olmuşdur. Bu baxımdan onun AK(b)P MK-ya ünvanlanmış 1936-cı il 21 oktyabr tarixli təqdimatı diqqəti cəlb edir. Təqdimatda R.Qayıbov Sosial- İqtisad İnstitutunda Tədris və elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan İ.H.Haykazov adlı bir erməninin onun üzərinə düşən işin öhdəsindən gələ bilməməsini, elmi və tədris işləri üzrə savadsızlığını, işə biganəliyini, yaramaz bir şəxs olmasını xəbər verir. Eyni zamanda, R.Qayıbov, göstərilən şəxsin tutduğu vəzifədən azad olunmasını israr etməklə yanaşı, həmin vəzifəyə institutun professor əvəzi Həsənağa Dadaşovun seçilməsini məsləhət görür, onun savadlı, bacarıqlı, öz işinə məsuliyyətlə yanaşan bir şəxs olduğunu qeyd edir. Həmin dövrdə ermənilərin dövlət və partiya orqanlarında, xüsusi idarələrdə yüksək vəzifə tutduqlarını, onlarda millətçilik, şovinist hisslərin nə qədər güclü olduğunu nəzərə alsaq, Rəşid Qayıbovun bu cəsarətli addımının nə olduğunu başa düşmək çətin olmaz. O, bu addımı atarkən sonralar onu hansı bəlaların gözləməsini nəzərə alıb-almamasını indi, üstündən xeyli vaxt keçdikdən sonra demək çox çətindir. Lakin fakt faktlığında qalır. O, heç nədən çəkinmədən belə bir işi görmüşdür. Məhz həmin təqdimata əsasən AK(b) P MK bürosu 1936-cı il 29 noyabr tarixli iclasının qərarı ilə (Protokol № 8, 8-ci bənd) İ.H. Haykazov tutduğu vəzifədən azad edilir və onun yerinə Həsənağa Dadaşov təyin olunur.l937/1938-ci illərin qanlı repressiyaları bir çox dəyərli azərbaycanlı ziyalılar kimi Rəşid Qayıbovun da məhvinə səbəb oldu.
1937-ci ilin yazında Rəşid Qayıbov Karl Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılır. Bundan bir qədər sonra isə bir neçə nəfərin yalan ifadəsi ilə onun haqqında həbs-qəti imkan tədbiri seçilir və o, həbs edilir. Arxiv materiallarını oxuyarkən 30-cu illərdə mövcud olmuş repressiya aparatının bütün dəhşətləri göz önündə açıqlığı və ağır zəhmi ilə canlanır. Boris Tixomirov adlı birisi və bir neçə başqa şəxsin Rəşid Qayıbovun guya əksinqilabçı- millətçi təşkilatın fəal üzvü olması haqqında yalan və uydurma ifadəsinə görə o, təqsirli bilinərək haqqında 1937-ci il oktyabrın 28-də həbs-qəti imkan tədbiri seçilmişdir. Bir gün sonra onun üç günlüyə həbs olunması haqqında order verilmiş, noyabrın 3-də isə mənzilində axtarış aparılmışdır. Noyabrın 4-də R.Qayıbova təqsirnamə oxunaraq həbs edilməsi haqqında qərar çıxarılır. R.Qayıbov Azərbaycan SSR Cinayət Məcəlləsinin o vaxtkı 64, 69, 70, 73 maddələrinə əsasən təqsirli bilinmiş, ona millətçi damğası vurulmuş, guya əksinqilabçı - millətçi təşkilatın fəal üzvü olmasında müqəssir bilinmişdir. 1937-ci il noyabrın 4-də keçirilmiş birinci dindirilmə zamanı Rəşid Qayıbov ona qarşı irəli sürülmüş ittihamı rədd etmiş, heç bir təqsiri olmadığını, ona kobud və məntiqsiz böhtan atılmasını söyləmişdir. Lakin buna baxmayaraq, istintaq orqanları ona qarşı müxtəlif şantaj, yalançı şahidləri üzünə durdurdurmaq və s. üsullardan istifadə edərək, iradəsini sındırmağa çalışmış və nəhayət, buna nail olmuşdur. 1937-ci il dekabrın 1-də R.Qayıbov «xalq düşməni» damğası ilə 1920-ci ildən üzvü olduğu AK (b) P sıralarından xaric olunur. 1937-ci il dekabrın 26-da keçirilən ikinci dindirmə gedişində Rəşid Qayıbov guya əksinqilabi - millətçi təşkilatın fəal üzvü olmasını, hələ 1934-cü ildən bu təşkilatla sıx əlaqə saxlamasını "etiraf" edir. Görünür, o vaxtlar dindirilmə prosesində tətbiq olunan təsiretmə formalarının gücü altında bu dəmir iradəli insanın da mənliyi sındırılmış və o, əslində özünə qarşı iftiralarla dolu "etirafı" dilinə gətirmişdir. Dindirilmə protokolundan məlum olur ki, guya onun daxil olduğu təşkilat qarşısına Sovet hakimiyyətini devirmək və burjua-millətçi hökumətini qurmağı məqsəd kimi qoymuşdur. Guya bu təşkilat qarşıya qoyulan məqsədə çatmaq üçün Azərbaycanın xalq təsərrüfatına ziyan vurmalı, AK (b) P və Sovet hökumətinin rəhbərlərinə qarşı terror aktları həyata keçirməli, Sovet quruluşuna qarşı silahlı üsyan hazırlamalı idi. Guya Rəşid Qayıbovu bu təşkilata bəzi hökumət nümayəndələri cəlb etmiş, o isə öz növbəsində rəhbərlik etdiyi institutun müəllim və tələbələrinin bir hissəsini ələ alaraq, onları təşkilatın işində fəal iştirak etməyə sövq etmişdir. Rəşid Qayıbovun Sosial-İqtisad İnstitutuna və Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna rəhbərlik etdiyi dövrlə bağlı arxiv sənədləri isə tamamilə bunun əksini sübut edir. O, bir təşkilatçı və pedaqoq-alim kimi institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris, elmi-tədqiqat işlərinin günün tələbləri səviyyəsində qurulması ilə yanaşı, professor-müəllim heyəti və tələbə kollektivinin ideya-siyasi tərbiyəsinin yüksəldilməsi üçün bütün bilik və bacarığını əsirgəməmişdir. 1938-ci il yanvarın 10-da R.Qayıbovun üçüncü dindirilməsi aparılır. Bu dəfə onun əvvəlki təqsirlərinin üstünə yeniləri əlavə olunur: guya o, institutda ziyankar işlərə rəvac vermiş, millətçilik və ayrı-seçkilik üçün şərait yaratmış, Azərbaycan dilində süni ədəbiyyat qıtlığı yaratmaqla narazılığa yol açmış, tələbələrin bilik səviyyəsinin aşağı olmasına çalışmışdır və s. Nəhayət, 1938-ci il iyulun 3-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasında Rəşid Qayıbovun qapalı məhkəməsi keçirildi. O, Azərbaycan SSR Cinayət Məcəlləsinin o vaxtkı 64, 69, 70, 73-cü maddələri ilə müqəssir bilinərək, güllələnməyə məhkum olundu. Elə həmin gün hökm yerinə yetirildi.